ABŞ dövlət katibi Antoni Blinken Fələstin prezidenti Mahmud Abbasla telefon danışığında ondan bölgədə sabitliyin bərpasına yönəlmiş addımlar atacağını gözlədiyini bildirib. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.
“Dövlət katibi ABŞ-ın HƏMAS-ın İsrailə qarşı terror hücumlarını birmənalı şəkildə pislədiyini və regiondakı bütün liderləri onları pisləməyə çağırdığını vurğulayıb. Katib Fələstin Administrasiyasını İordan çayının qərb sahilində sakitlik və sabitliyin bərpası üçün addımları davam etdirməyə və intensivləşdirməyə çağırıb”- sənəddə qeyd olunur. (Tass)