Naftalan Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “PMD Hospitality”nin birgə təşkilatçılığı ilə keçirilən “Naftalan – sağlamlıq və turizmin sinerji mənbəyi: beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans oktyabrın 8-də işini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın ikinci günündə plenar iclas və panel müzakirələri təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən ekspozisiya ilə tanış olublar.
Naftalan şəhəri haqqında videoçarx nümayiş etdirildikdən sonra konfransın plenar iclası işə başlayıb.