Bu gün Azərbaycan dilini sevən, Azərbaycan dilinin tətbiqinə nail olmaq istəyən insanlar Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin qonağı oldular. Onlarla keçirilən müzakirələrdə və çıxışlarında Azərbaycan dilinin problemləri ilə tanış olduq. Eyni zamanda, bu problemlərin aradan qaldırılması müzakirə obyekti idi. Biz bir daha əmin olduq ki, dilimiz əslində çox zəngindir və onun qaydalarına riayət etmək isə hər birimizin vətəndaşlıq borcudur.Bu barədə AZƏRTAC-a müsahibəsində Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva söyləyib.Professor deyib: “Müzakirələrdə müxtəlif sahələrdə çalışan və Azərbaycan dilinin düzgün tətbiqinə töhfə verən insanlar Mərkəzin əməkdaşları tərəfindən təltif ediliblər. Burada əsas məqsədlərdən biri də düzgün danışan, doğru yazmağı bacaran insanlara dərin minnətdarlıq hissi ilə yanaşma idi.İstər media, istərsə də təhsil nümayəndəsi – hər birinin fəaliyyətində Azərbaycan dilinin düzgün praktik vəziyyətdə işlədilməsi üçün çalışan insanlar bizim daim diqqət mərkəzimizdədir. Onların köməyilə həm təhsilimizdə, həm də Azərbaycan gənclərinin yetişməsində böyük məsuliyyət daşıyan insanları bir yerdə görmək çox xoş idi”.