Avqustin 1-dən 7-dək “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” çərçivəsində Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Şahnaz Zamanlı mövzu ilə əlaqədar suallarımızı cavablandırıb.Müsahibimiz deyib: İnsanlar kosmik gəmilər, süni intellekt və kvant kompüteri icad ediblər, lakin hələ də heç bir alim ana südünü əvəz edə biləcək qida təklif edə bilməyib. Heç bir istehsal sahəsi ana südünün tərkibini tam hazırlaya bilmir. Bu, mürəkkəb və mükəmməl bir sistem olub, tərkibində mikroelementləri, zülalları, yağları və karbohidratları ehtiva edir.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır. Ümumdünya Ana Südü Həftəsinin qeyd edilməsində məqsəd qadınları ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında məlumatlandırmaqdır.
-Həkim, ilk növbədə, ana südünün faydaları haqqında məlumat verməyinizi xahiş edirik.– Ana südü uşaq üçün nadir və ideal qidadır. Ana südünün nadir tərkibinə görə alimlər onu təbiət fenomeni kimi qeyd edirlər. Ən müasir və bahalı süni qida ana südünün tərkibinə heç yaxınlaşa bilməz. Ana südünün tərkibi daim dəyişir – əmizdirmənin əvvəlində süd daha suludur, axırında isə daha yağlı olur. Günorta saatları ilə müqayisədə gecə saatlarında süd daha yağlı olur. Uşaq böyüdükcə südün mineral tərkibi dəyişir.Ana südü körpənin maye və qida tələbatını tam ödəyir. Ona görə də həkimlər körpənin ilk 6 ay müddətində yalnız ana südü ilə qidalandırılmasını tövsiyə edirlər. Ana südü ilə qidalandırmanın üstünlükləri çoxdur. Bu zaman uşaqda fiziki, emosional inkişafa və müsbət keyfiyyətlərin formalaşmasına imkan yaranır. Ana südü tam dəyərli qidadır, tez həzm olunur, uşağın zehni inkişafını yaxşılaşdırır, yarana biləcək xroniki xəstəliklərin qarşısını alır, immun sistemini gücləndirir, uşağı infeksiyalardan, pnevmoniya və allergiyalardan qoruyur.
– Ana südünün tərkibi barədə nə deyə bilərsiniz?– Ana südü körpəni qidalandırmaq üçün təbiət tərəfindən icad edilən unikal məhsuldur və bu, ananın uşağına verə biləcəyi ən yaxşı və adekvat qidadır. Ana südü özünəməxsus fərdi tərkibə malikdir – onun bütün komponentləri körpənin toxumalarına mümkün qədər yaxındır. Üstəlik, ananın südü körpənin doğulduğu andan 1,5-2 yaşa qədər tərkibini dəyişir, uşağın ehtiyaclarına və yaşına uyğunlaşır. Bu, çox heyrətamizdir.Yeni doğulmuş körpənin mədə-bağırsaq sistemi zəif olduğundan, qidanı mükəmməl şəkildə həzm edə bilmir. Ana südünün tərkibində qidalı maddələrdən əlavə, həmin maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər var. Məhz həmin fermentlər uşaq orqanizmində yağ, karbohidrat və s. maddələri həzm etməyə kömək edir. Südün əsas tərkibini – 80 faizdən artıq hissəsini su təşkil edir. Lakin bu adi su deyil, bioloji aktiv sudur. Ana südündəki su uşağın orqanizmi tərəfindən tam mənimsənilir. Bu su hətta isti yay günlərində körpənin suya olan ehtiyacını tam ödəyir və körpə susuzluqdan əziyyət çəkmir.Ana südünün daha bir tərkib hissəsi karbohidratlardır. Ana südündə karbohidratların əsas hissəsi laktozadan ibarətdir. Laktoza kalsium və dəmirin mənimsənilməsinə kömək edir. Laktoza uşağın mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə, laktoza uşağın bağırsağında lakto və bifidobakteriyaların inkişafını stimullaşdırır. Lakto və bifidobakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına mane olur və nəticədə uşaq bağırsaq infeksiyalarından qoruyur.
Ana südünün tərkibində əvəzsiz yağ turşuları uşağın, xüsusən beynin və bağırsağın inkişafı üçün olduqca vacibdir. Qida maddələrindən əlavə ana südünün tərkibində uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlər var. Ana südü tək qida deyil, onun qoruyucu funksiyası var. O, uşağın orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, onun immun sisteminin inkişafına kömək edir.
Ana südü ilə qidalandırılan körpə müxtəlif xəstəliklərə qarşı etibarlı müdafiə olunur. Həmin uşaqlar süni qida alan uşaqlarla müqayisədə daha gec-gec bağırsaq pozulmaları, respirator xəstəliklər və allergiyalarla üzləşir. Vaxtından əvvəl doğulmuş, az çəkili, zəif körpələr üçün ana südü ilə qidalanma xüsusilə vacibdir.
– Ana südünü sağıb saxlamaq qaydaları necədir?
– Ana südü 3 saat otaq temperaturunda, 3 gün soyuducuda 2-8 dərəcə temperaturda, 3 ay soyuducuda dondurulmuş vəziyyətdə, -20 dərəcə temperaturda və 6 ay dərin dondurucuda saxlanıla bilər.
– Həkim, qeyd etdiniz ki, körpə böyüdükcə ana südü də tərkibini dəyişir. Bu, necə baş verir?
– Doğuşdan sonrakı ilk günlərdə yaranan ilk süd və ya bulama, uşaq öz həyat formasını tamamilə dəyişdikdən, yəni ana bətnindən çıxdıqdan sonra və artıq ana hesabına yaşamadığı, sərbəst olaraq ağızdan qidalanmaya keçdikdən sonra enerji ehtiyatı kimi lazımdır. İlk ana südü körpəyə normal mühitdə yeni həyata uyğunlaşmağa kömək edir. Sonra yetkin süd gəlir və o, körpənin böyüməsi və inkişafı, bütün orqanlarının və strukturlarının işləməsi üçün həyati əhəmiyyət kəsb edir və ən əsası, uşağın beyninin inkişafına və formalaşmasına kömək edən maddələri özündə daşıyır. Üstəlik, ana südü ilə uşaq immunoloji müdafiə əldə edir – ananın bədənində bir çox xəstəlikdən infeksiyalara qarşı antitellər olur və südlə həmin antitelləri körpəyə ötürür və onu həyatının ilk günlərindən qoruyur. Bu, çox vacibdir, çünki uşaq steril doğulur, onun bu dünyada hələ heç bir xüsusi müdafiəsi yoxdur. Bundan əlavə, uşaq ilk günlərdə anadan immunoqlobulin – A qəbul edir ki, bu da bağırsaqları uşağın həyatının ilk günlərində qarşılaşdığı mikrob florasının təsirindən qoruyur.
– Anaları ən çox narahat edən körpənin ağlamasıdır. Bu, həmişə körpənin ac olduğuna işarədirmi?
– Ağlamaq uşağın xarici dünya ilə ünsiyyət üsuludur. Körpələr tamamilə fərqli səbəblərdən ağlaya, yəni duyğularını ifadə edə bilərlər. Narahat olduqları üçün, məsələn, uşaq bezi yaş olduqda və ya bir yeri ağrıyanda, yorğun olanda da ağlaya bilər. Həm də indi uşaqlar çox tələbkardırlar, böyüklərin qollarına, qucağa daha çox maraq göstərirlər. Körpənin niyə ağladığını müşahidə etmək və yalnız bundan sonra onun istəklərini necə təmin etmək barədə qərar qəbul etmək olar.
– Bəs körpənin ac qaldığını, ana südünün kifayət etmədiyini müəyyən etmək üçün müəyyən əlamətlər varmı?
– Hər ana körpəsinin nə vaxt ac olduğunu başa düşür. Bu yüksək, tələbkar, emosional bir ağlamadır. Sanki hamıya ac olduğunu deyir. Bu vəziyyətdə uşaq ağzı ilə aktiv əmmə hərəkəti edə bilər. Uşaq hətta öz dilini sormağa başlaya bilər.Bəzən ana uşağın ac qaldığını, südün kifayət qədər olmadığını düşünərək, körpəsini uzun müddət əmizdirir və ya qidalanma arasında fasilələri azaldır. Ancaq bu, çox yanlış hərəkətdir. Ana südü ilə qidalanan körpənin həqiqətən kifayət qədər qidalanmadığını söyləmək üçün iki əsas əlamət var. Birincisi, çəkinin zəif artımı, yəni bu, həftədə 125 qramdan az olmamalı və ya ayda 500 qram olmalıdır. İkincisi isə az miqdarda konsentratlaşmış sidik ifrazıdır.Belə olduqda əvvəlcə bunun səbəbini, nəyə görə baş verdiyini tapmaq lazımdır. Körpənin döşə düzgün tutuzdurulduğunu, onun tələbatına uyğun qidalandığını, gecə qidalanmalarının olub-olmadığını qiymətləndirmək lazımdır. Ana kifayət qədər istirahət edirmi, normal yuxu ala bilirmi, düzgün yemək və maye qəbulu rejiminə riayət edirmi? Laktasiya dövründə bir qadın gündə əlavə olaraq 1,5-2 litr maye içməlidir.
– Faydalı məlumatlar çün çox sağ olun. Analara nə arzu edərdiniz?– Söhbətimizin yekununda bir daha xatırlatmaq istərdim ki, ana südü, ana südü ilə qidalanma körpələr üçün ən optimal qida və ən optimal qidalandırma üsuludur. Uşağın fiziki və emosional inkişafına kömək edir və ananın sağlamlığını möhkəmləndirir. Ona görə də tövsiyəm budur ki, bütün analar körpələrini ana südü ilə qidalandırsınlar. Yenidoğulmuşlara isə sağlam böyüməyi arzu edirəm!