Ukraynada nəqliyyat şirkətləri kişi çatışmazlığı səbəbindən qadınları və əcnəbiləri yük maşını sürücüsü kimi işə götürmək imkanını nəzərdən keçirir. Bu barədə ölkənin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının vitse-prezidenti Vladimir Balin bildirib ki, bu təşəbbüslərin həyata keçirilməsi bəzi çətinliklərlə bağlıdır.
“Həqiqətən də qadın sürücülərə gəlincə, belə bir proses nəzərdən keçirilir, bizim bəzi şirkətlər bu prosesdə iştirak edir. Bu, hələ tam effektiv deyil, lakin biz bunun üzərində işləyirik”.
Balin əlavə edib ki, kadr çatışmazlığı problemini həll etmək üçün başqa variant da əcnəbilərin cəlb edilməsi ola bilər. Bununla belə, o qeyd edib ki, bu, müəyyən hüquqi çətinliklərə səbəb olur, çünki məsələn, bəzi ölkələrin vətəndaşları Avropaya daxil olmaq üçün viza almalıdırlar ki, bu da işəgötürənin üzərinə əlavə yük yaradacaq.
Balinin sözlərinə görə, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının şirkətlərində sürücü çatışmazlığı təxminən 30% və ya 30 min nəfərə yaxındır. Eyni zamanda, o qeyd edib ki, iqtisadiyyatın digər sahələrində də kadr çatışmazlığı müşahidə olunur, bunun nəticəsində ixrac potensialı azalır və müvafiq olaraq beynəlxalq yükdaşımalara tələbat azalır. “May ayından etibarən bizdə ixrac və idxalda xeyli azalma müşahidə olunub ”, – deyə izah etdi və eyni zamanda beynəlxalq avtobus xidmətlərinə tələbatın qaldığını və bu sahədə ciddi sürücü çatışmazlığının olduğunu qeyd edib. (Tass)