Air France, iyulun sonundan etibarən qüvvədə olan Livana uçuşlarına qadağasını avqustun 11-dək uzadıb. Bu barədə aviaşirkətin saytında məlumat verilir.
“Livandakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, aviaşirkət Paris Roissy-Charles de Gaulle hava limanı ilə Beyrut arasında uçuşların dayandırılmasını 11 avqust 2024-cü ilədək uzadıb. Uçuşların bərpası yerlərdə vəziyyətin gələcək qiymətləndirilməsindən asılıdır”, – deyə məlumatda qeyd olunub.
İyulun 30-da İsrail ordusu Livanın paytaxtı Beyruta hücum elan edib və Fuad Şokrun əməliyyat nəticəsində öldürüldüyünü təsdiqləyib. İsrail ordusunun məlumatına görə, Şokr Hizbullah lideri Həsən Nəsrullahın ən yaxın adamlarından biri olub və hərəkatın hərbi təşkilatlanmasında strateji məsələlərə, o cümlədən raket silahlarına cavabdeh olub. (Tass)