Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin rayonda fəaliyyət göstərən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu davam edir. Mövsümün əvvəlindən bu günədək məntəqəyə istehsalçılardan 1334 tondan çox yaşıl tütün kütləsi daxil olub.Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.Bildirilib ki, şirkət tərəfindən bu il Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 356,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə əlaqədar həmin rayonlarda 38 fermerlə müqavilə bağlanılıb. Zaqatala rayonundan fermer Mustafa Qallayev indiyədək qəbul məntəqəsinə 109,7 ton, Təranə Quliyeva 70,9 ton, Qax rayonundan Mehman Əhmədov 90,4 ton, Rahib Əliyev 85,7 ton, Balakəndən Şamsu Bayramova 80 ton, Nurlan Əhmədov 36,6 ton, Şəkidən fermer Orxan Məmmədov 41,7 ton, Oğuz rayonundan Arzu İsmayılov isə 17,2 ton yaş tütün təhvil veriblər.Yaş tütünün hər kiloqramına görə fermerlərə I növ üzrə 35 qəpik, II növ üzrə isə 25 qəpik ödənilir.