İsrailin baş naziri Benyamin Netanyahunun ölkənin Qəzza zolağının Misirlə sərhədindəki Filadelfiya dəhlizindən qoşunlarını çıxarmaq niyyətində olmadığı barədə bəyanatı Fələstinin Həmas hərəkatı ilə atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlarda əldə edilmiş bütün irəliləyişi təhlükə altına qoyub. Bu barədə CNN müzakirələrdən xəbərdar mənbəyə istinadən məlumat yayıb.
CNN-in qeyd etdiyi kimi, Qəzza zolağında altı ölü girovun cəsədinin tapılması ilə bağlı xəbərlərdən sonra tərəflər tez bir zamanda razılaşmanın yollarını müzakirə etdilər, lakin Netanyahunun sözləri razılaşma əldə etmək üçün bütün səyləri təhlükə altına qoydu. CNN mənbədən sitat gətirir: “Bu adam bir çıxışı ilə hər şeyi riskə atdı”.
Avqustun 29-da İsrailin hərbi-siyasi kabineti Filadelfiya dəhlizində qoşunların mövcudluğunu saxlamaq barədə qərar qəbul edib. “The Jerusalem Post” xəbər verib ki, kabinet qüvvələr xəritələrini səkkiz səs çoxluğu ilə təsdiqləyib. Müdafiə naziri Yoav Qalant bunun əleyhinə səs verib, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə səsvermədə bitərəf qalıb. Sentyabrın 1-də Qalant ayrıca bəyanat yayaraq hökuməti bu qərara yenidən baxmağa çağırıb. Netanyahu sentyabrın 2-də keçirdiyi mətbuat konfransında ayrı-ayrı siyasətçilərin bu mövqeyindən çaşqınlıq hissi keçirdiyini bildirib və müharibə şəraitində hökumət birliyinin zəruriliyinə işarə edib. (Tass)