Türkiyə və Serbiya da daxil olmaqla 20-yə yaxın ölkənin nümayəndə heyəti BRİKS dövlətlərinin qlobal cənub ölkələri ilə təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələri arasında keçirilən dialoq toplantısında iştirak edib. TASS müxbirinin verdiyi məlumata görə, iclasa Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu moderatorluq edib.
Tədbir sentyabrın 10-dan 12-dək Sankt-Peterburqda keçirilən BRICS və BRICS+ təhlükəsizlik görüşləri silsiləsi çərçivəsində baş tutub. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, dövlət başçısı Vladimir Putin bu görüşlərdə iştirak edən BRİKS-in yüksək səviyyəli nümayəndələrinin bir qrupu ilə görüş keçirə bilər.
Sentyabrın 2-də “Bloomberg” mənbələrə istinadən xəbər verib ki, Türkiyə hakimiyyəti bir neçə ay əvvəl BRİKS-ə qoşulmaq üçün ərizə verib. Agentliyin məlumatına görə, assosiasiyanın genişləndirilməsi məsələsinə BRİKS-in oktyabrın 22-24-də Kazanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvət olunduğu sammitində baxıla bilər. Daha sonra Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik bildirib ki, Ərdoğan dəfələrlə BRİKS-ə qoşulmaq istəyindən danışıb, lakin Türkiyənin təşkilata üzvlüyü ilə bağlı konkret qərarlar yoxdur. Sentyabrın 4-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, BRICS Türkiyənin alyansa tam üzvlüklə bağlı müraciətinə baxacaq. (Tass)