Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan parlamentinin qarşısında müşahidə kamerasını sındıran xarici agentlər haqqında qanuna etiraz aksiyasının iştirakçısı Giorgi Şanidzeni əfv edib. Yerli media Şanidzenin sərbəst buraxılmasını əks etdirən görüntüləri dərc edib.
Bundan əvvəl prezidentin mətbuat xidməti Zurabişvilinin bir nəfəri əfv etdiyini bildirsə də, əfv olunan şəxsin adı çəkilməyib. Şanidze bir neçə dəqiqə əvvəl cəzaçəkmə müəssisəsini tərk edib.
Sentyabrın 16-da Tbilisi şəhər məhkəməsi Şanidzeni 4 il müddətinə azadlıqdan məhrum edib. O, əmlaka ziyan vurmaq və qanunsuz narkotik istehsal etməkdə ittiham olunaraq təqsirli bilinib. Şanidze daha sonra sirr yetişdirməkdə ittiham olunub.
2024-cü ilin aprel və may aylarında Tbilisidə ölkə parlamenti yaxınlığında xarici agentlər haqqında qanuna qarşı kütləvi etiraz aksiyaları keçirilib. Saxlanılan bir neçə şəxs barəsində cinayət işi başlanıb. Şanidze mayın 1-də Gürcüstan parlamenti ilə üzbəüz hasarın üstünə çıxaraq aksiya zamanı müşahidə kamerasını sındırıb. (Tass)