Demokratlar Partiyasından ən yüksək dövlət vəzifəsinə namizəd olan ABŞ-ın vitse-prezidenti Kamala Harris oktyabrın 23-də CNN-in respublikaçı Donald Trampla debatların ikinci raundunun keçirilməsi təklifini qəbul edib. Bu barədə öz kampaniyasının sədri Cen O’Malley-Dillon açıqlamasında bildirib.
O, Harris və Trampın televiziya debatlarının yalnız bir raundu ilə məhdudlaşacağı vəziyyəti görünməmiş adlandırdı. “Vitse-prezident Harris Donald Trampla səhnəni bölüşmək üçün daha bir fürsətə hazırdır və CNN-in oktyabrın 23-də debatda iştirak etmək dəvətini qəbul edir. Donald Trampın bu debatda iştiraka razılıq verməklə heç bir problemi olmamalıdır”, – O’Malley bildirib. Onların qaydaları iyunun sonunda Tramp və o zaman hələ seçki yarışından geri çəkilməmiş ABŞ-ın hazırkı prezidenti Co Baydenin iştirak etdiyi debatdakı kimi olacağı vurğulanır. (Tass)