Azərbaycan və Əfqanıstan arasında “Lapis Lazuri” marşrutu çərçivəsində əməkdaşlıq müzakirə edilib.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.
“Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşdük. Nəqliyyat sahəsində ikitərəfli və “Lapis Lazuri” marşrutu çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanlarını müzakirə etdik. Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərindən danışdıq”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, müzakirələr Türkiyənin İstanbul şəhərində baş tutub: “Lapis Lazuli” marşrutunun canlandırılması ilə bağlı məsələlərin müzakirəsi məqsədilə İstanbulda keçirilən tədbirdə iştirak etdik. Marşrutun səmərəli fəaliyyəti üçün üzv dövlətlərdə infrastrukturun inkişafı ilə bağlı müvafiq işlər görülməsi, ölkələr arasında məlumat mübadiləsi aparılması, məşvərət qrupu yaradılması və Fəaliyyət Planının hazırlanmasını müzakirə etdik. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində beynəlxalq və regional əməkdaşlığa xüsusi önəm verdiyini vurğuladıq. Son 20 ildə ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verdik”.