Milli Məclisin bir qrup deputatının ABŞ-la iki sazişə xitam verilməsi, yeni müqavilələrin razılaşdırılmaması, USAID-in Azərbaycandakı layihələrinin dayandırılması barədə xarici işlər naziri Ceyhun Bayramova müraciəti tamamilə məntiqlidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsindən narahatlıq keçirən Qərbdəki dairələr təəssüf ki, Azərbaycana qarşı yenə ikili standartlar siyasətini işə salıblar. Ölkəmizə qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, Ermənistanın hərbiləşdirilməsinə çağırış edən müraciətlər qəbul edirlər. Təbii ki, bu davranış beynəlxalq hüquqa ziddir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.Deputat bildirib ki, bu qüvvələr faktiki olaraq, COP-un siyasiləşdirilməsinə çalışırlar və bu tendensiya Azərbaycan COP keçirmək hüququ qazanandan bəri start götürüb. Ölkəmizin böyük qələbəsini, ərazi bütövlüyü və suverenliyini bərpa etməsini qəbul etməyənlər bu cür nüfuzlu tədbirə ev sahibliyini də həzm edə bilmirlər. İqlim dəyişikliklərinə dair qlobal müzakirələri regiondakı siyasi proseslərə, geosiyasi vəziyyətə və sair istiqamətə yönəltməyə çalışırlar. Qərb dairələrinin sifarişi ilə Azərbaycanla bağlı böhtan və şantaj kampaniyasına başlaması da bununla bağlıdır. Açıq görünür ki, bu, ABŞ-dan idarə olunan prosesdir. Bugünkü günü anti-Azərbaycan qüvvələr üçün yas günü, matəm günü hesab edən Prezident İlham Əliyev deyib: “Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir”.“Məsələ burasındadır ki, bu gün dünyada iqlim dəyişikliyinə ən çox mənfi təsir edən ölkələrin başında dayanan da elə ABŞ-dır. Buna baxmayaraq, iqlim dəyişiklikliyinə qarşı mübarizəyə ən az vəsait ayıran ölkə də Birləşmiş Ştatlardır.Deputat həmkarlarımın müraciətində haqlı olaraq sual edilir: “Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmayıblar”.Otuz il işğala göz yuman ABŞ-ın postmünaqişə dövründəki davranışı faktiki olaraq Ermənistanı işğal və etnik təmizləmənin davamına təşviq edir. Bu isə yolverilməzdir”, – deyə Könül Nurullayeva bildirib.