Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər davam edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblərdə dəyirmi masa və seminarlar, ağacəkmə aksiyaları, təmiz ətraf mühit barədə müsabiqə və ekodüşərgələr təşkil olunur.
Tədbirlərdə çıxış edənlər dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini şagirdlərin diqqətinə çatdırırlar.
Cari ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətindəki səmərəli fəaliyyətinin təqdir olunması kimi qiymətləndirildiyi vurğulanır.
Qeyd edək ki, tədbirlərin keçirilməsinin əsas məqsədi ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarətdir.