Rusiya prezidenti Vladimir Putin bu gün BRİKS sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkian, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Efiopiyanın baş naziri Abiy Əhməd ilə ikitərəfli görüşlər keçirəcək.
Rusiya lideri Pezeşkianla bir ay ərzində ikinci dəfə görüşəcək. Onlar bundan əvvəl oktyabrın 11-də Aşqabadda Yaxın Şərqdə vəziyyətin pisləşməsini müzakirə ediblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun daha əvvəl bildirdiyi kimi, Putin bugünkü söhbət zamanı İranla ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması mövzusuna toxunacaq.
Putin Ərdoğanla bir ildə ikinci dəfədir görüşür, lakin liderlər bu il altı dəfə telefonla danışıblar. Bu gün onlar ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivlərini, həmçinin Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması layihəsini müzakirə etməyi planlaşdırırlar.
Putin bu il ilk dəfə Efiopiyanın baş naziri ilə görüşür. Bundan əvvəl onlar ötən ilin iyulunda, Abiy Əhməd Rusiya-Afrika sammiti üçün Sankt-Peterburqa gələndə görüşüblər. (Tass)