Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları – Keyfiyyət Təminatı və Monitorinq Mərkəzinin müdiri Könül Ağayeva, Təcrübə və Karyera Mərkəzinin müdiri Xanlar Qəniyev Moskva və Sankt-Peterburq şəhərlərində bir sıra nüfuzlu universitetlərin rəhbərləri ilə görüşlər keçiriblər.Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Görüşlər Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Linqvistika Universiteti, Moskva Dövlət Pedaqoji Universiteti, İnşaat Mühəndislik İnstitutu, G.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Böyük Pyotr adına Politexnik Universiteti, Milli Tədqiqat Nüvə Universiteti və digər ali təhsil müəssisələrində təşkil olunub. Görüşlərdə elmi fəaliyyətin təşviqi, tədris proseslərinin müasirləşdirilməsi, akademik və tələbə mobilliyi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər təhsilin beynəlxalq aləmdə inkişaf etdirilməsi üçün qarşılıqlı fəaliyyətin beynəlmiləlləşdirilməsinin, beynəlxalq təcrübənin universitetlərin işində tətbiqi, dünya reytinqlərində iştirak edərkən universitetlərin bir-birinə dəstək göstərməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, görüşlərdə təhsil və tədqiqat sahəsində birgə layihələrin reallaşdırılması, ixtisaslı kadr hazırlığı və innovativ tədris metodlarının mübadiləsi məsələləri diqqət mərkəzində olub.AzMİU-nun Rusiya universitetləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi Azərbaycanın təhsil sisteminə töhfə verəcək, ölkəmizdə keyfiyyətli ali təhsil səviyyəsinin yüksəldilməsinə şərait yaradacaq. Bu əməkdaşlıq həm də gələcəkdə müxtəlif sahələr üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək olacaq və iki ölkə arasında elmi-tədqiqat əlaqələrinin inkişafına təkan verəcək.