Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası Şuşa şəhərində “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin təqdimatını keçirib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat Şuşa şəhəri 1 saylı tam orta məktəbdə təşkil olunub. Tədbirdə Mədəniyyət Nazirliyinin, Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələri, deputatlar, ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak edib.Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi yad olunub.Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək kitab haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, kitabın I və II cildlərində, ümumilikdə, 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb. “44 gün – Tarixi zəfər” adlı kitabın birinci cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz hadisələri zamanı həlak olanların da adları əbədiləşdirilib.Vurğulanıb ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu missiyanı öz üzərinə götürərək Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edib. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Respublika Xatirə Kitabı Redaksiyası 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın işçi qrupu ilə birgə torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərini araşdırıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci, 2-ci və 3-cü cildi işıq üzü görüb, 4-cü cild üzərində iş aparılır. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır. Redaksiyanın hazırladığı “Qələbə – 75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.Bildirilib ki, Respublika Xatirə Kitabı Redaksiyası “Bakı Xəbər” qəzeti ilə birgə layihə əsasında Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, “Vətən daşı… və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin dördü geniş ictimaiyyətə təqdim olunub.