Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas BMT Təhlükəsizlik Şurasında Fələstini bu beynəlxalq təşkilatın tamhüquqlu üzvü kimi tanıyan qətnamə layihəsini dəstəkləyən ölkələrə təşəkkür mesajları göndərib. Bu barədə WAFA agentliyi məlumat yayıb.
O, “təzyiqlərə baxmayaraq, həqiqətin, ədalətin və beynəlxalq hüququn tərəfində dayanan dövlətlərin mövqelərini yüksək qiymətləndirib”, – agentlik Abbasdan sitat gətirir. Fələstin lideri qeyd edib ki, bu ölkələr “müstəqil və suveren dövlət yaratmaq və İsrail işğalına son qoymaq kimi qanuni haqqımızı dəstəkləyir”.
Abbas vurğulayıb ki, fələstinlilər “səylərini davam etdirəcək və BMT-yə tam üzv qəbul olunana qədər BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına müraciət edəcəklər”.
Bundan əvvəl Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı Əlcəzairin qətnamə layihəsini bloklayıb. Rusiya və Çin də daxil olmaqla Təhlükəsizlik Şurasının 12 üzvü Fələstinin BMT-yə tamhüquqlu üzv kimi qəbul edilməsini tövsiyə edən sənədin lehinə səs verib. İsveçrə və Böyük Britaniya bitərəf qalıb, ABŞ isə qətnamə layihəsinə qarşı çıxıb. (Tass)