Fələstin prezidenti Mahmud Abbas Ramallahda Latviya prezidenti Edqars Rinkeviçlə görüşündə Yaxın Şərqdə vəziyyətin pisləşməsini, o cümlədən İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatı müzakirə edib. Bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Abbas “İsrail işğalçısının Qəzza zolağı və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı törətdiyi total təcavüz və soyqırım cinayətlərinin dərhal dayandırılmasının zəruriliyini” vurğulayıb.
O, “İsrailin işğalçı hökumətinin əlində olan Fələstin fondlarının azad edilməsinin zəruriliyinə” işarə edib.
Abbas həmçinin “Qəzza zolağına humanitar yardımın çatdırılmasını sürətləndirməyə, işğal qüvvələrinin və İordan çayının qərb sahilindəki [yəhudi] terrorçuların hücumlarına son qoymağa” çağırıb. (Tass)