ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni mühacirlərin xəbərdarlıq edilmədən cərimələnməsinə icazə verən qanun qəbul etmək niyyətindədir. Bu barədə sənədi araşdıran ABC News telekanalı məlumat yayıb.
“Daxili Təhlükəsizlik Departamenti hesab edir ki, ölkədən çıxmama və qeyri-qanuni girişə görə cəzaların xarakteri bu prosedurların sadələşdirilməsi zərurətindən xəbər verir”, – Ədliyyə Departamenti və Daxili Təhlükəsizlik Departamentinin təklif etdiyi qanun layihəsində deyilir.
Telekanal qeyd edir ki, yeni qaydalara əsasən nəzarət orqanları qanunsuz miqrantı dərhal 100 dollardan 1000 dollara qədər cərimə edə biləcək. Hazırda hökumətdən qanunsuz miqrantı cərimə etməzdən 30 gün əvvəl xəbərdar etmək tələb olunur.
Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. O, andiçmə mərasimindən dərhal sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzaladı. Amerika lideri qeyri-qanuni immiqrantlar üçün Amerika tarixində ən böyük deportasiya əməliyyatını təmin etmək niyyətində olduğunu bildirib. (Tass)