ABŞ prezidenti Co Baydenin keçmiş prezident Donald Trampla seçkiqabağı debatda uğursuz çıxışından sonra onun amerikalı tərəfdarları arasında dəstəyi 10 faiz azalıb. Bunu Ipsos sosioloji xidmətinin ABC televiziya şirkəti üçün hazırladığı sorğunun məlumatları sübut edir.
Onun məlumatlarına görə, hazırkı dövlət başçısının tərəfdarları arasından respondentlərin yalnız 34%-i onu “şərtsiz dəstəklədiklərini” qeyd edib. Aprel ayında xidmət sonuncu dəfə analoji araşdırma hazırlayarkən belə respondentlərin payı 44% təşkil edib. Eyni zamanda Tramp tərəfdarları arasında da eyni rəqəm (“şərtsiz dəstək”) 57% təşkil edib. Qeyd olunur ki, Ağ Evin hazırkı sakininin tərəfdarlarının 33%-i Baydenin xeyrinə seçimlərini “Trampı bəyənməməsi” ilə izah edir.
Sorğu iyulun 5-dən iyulun 9-dək ingilis və ispan dillərində onlayn keçirilib. Burada 2431 yetkin amerikalı iştirak edib, respondentlərin 32%-i demokratlar, 29%-i respublikaçılar olub, respondentlərin 27%-i partiya mənsubiyyətini göstərməyib. Statistik səhv 2% təşkil edib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Namizədlər yayda keçiriləcək partiya qurultaylarında təsdiqlənəcək. (Tass)