ABŞ Ali Məhkəməsi Tramp administrasiyasına Venesuela, Haiti, Kuba və Nikaraquadan olan 500 mindən çox immiqrantın ABŞ-da hüquqi statusundan imtina etməyə icazə verib. Bu barədə məhkəmə qərarında deyilir.
Orada vurğulanır ki, Ali Məhkəmə icra hakimiyyətinin ABŞ-ın 46-cı prezidenti Co Bayden administrasiyası tərəfindən başladılan müvafiq proqramı ləğv etmək tələbini təmin edib.
Aşağı məhkəmələr bundan əvvəl Vaşinqtonun dörd Latın Amerikası ölkəsindən olan 532 min miqranta verdiyi hüquqi statusu ləğv etmək cəhdini rədd etmişdi. Məhkəmələr müəyyən edib ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti hər bir fərdi iş üzrə lazımi təhlil apara bilməyib. Bununla belə, Ali Məhkəmənin qərarı Əfqanıstan və Ukrayna kimi digər ölkələrin vətəndaşlarının hüquqi statusunu ləğv etmir.
Venesuela, Haiti, Kuba və Nikaraquadan olan miqrantlar ABŞ-da yerləşən sponsor tapa bilsələr, ABŞ-a daxil olmaq üçün əvvəlcədən müraciət edə və iki illik iş icazəsi ala bilərlər. Proqram respublikaçılar tərəfindən sərt şəkildə tənqid edilib.