Vaşinqton administrasiyası BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında iyulun 28-30-da keçiriləcək İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinə nail olmaq üzrə yüksək səviyyəli beynəlxalq konfransda iştirak etməyi planlaşdırmır. Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqott deyib.
O, Vaşinqtonun bu tədbirə münasibəti ilə bağlı sualı cavablandırıb: “Bizim bu konfransda iştirak etməyəcəyimizə əlavə ediləcək heç nə yoxdur”.
Səudiyyə Ərəbistanı və Fransa daha əvvəl 17-20 iyun tarixlərində konfransa ev sahibliyi etməli idi. Lakin İsrail və İran arasında münaqişə səbəbindən tədbir təxirə salınıb.
Fələstini BMT-nin 148 üzvü tanıyır. 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir. Rusiyanın hüquqi varisi olduğu Sovet İttifaqı Fələstin Dövlətini 1988-ci ildə tanıyıb. “İki xalq üçün iki dövlət” prinsipi 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüdsdə olan, İsraillə sülh şəraitində yaşayan müstəqil Fələstinin yaradılmasını nəzərdə tutur. (Tass)