ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesi “Carney” Qırmızı dənizdə üsyançı “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin ərazilərindən buraxılan 14 pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Dekabrın 16-da səhər saatlarında Qırmızı dənizdə fəaliyyət göstərən ABŞ-ın “Carney” esminesi Yəmənin husilərin nəzarətində olan ərazilərindən atılan 14 hücum pilotsuz təyyarəsini uğurla vurub”, – CENTCOM-un X sosial şəbəkəsi (keçmiş Twitter) səhifəsində yerləşdirilən mesajda deyilir.
Komandanlığın məlumatına görə, bu bölgədə yerləşən gəmilərə heç bir ziyan dəyməyib. “Qırmızı dənizdəki regional tərəfdaşlara təhlükə barədə xəbərdarlıq edilib”, – bəyanatda deyilir. (Tass)