ABŞ dövlət katibi Marko Rubio və İraqın baş naziri Məhəmməd əl-Sudani İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının zəruriliyini müzakirə ediblər. Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.
“Onlar İraqın enerji müstəqilliyinə nail olmaq, İraq-Türkiyə boru kəmərini tez bir zamanda yenidən işə salmaq və İraqda fəaliyyət göstərən Amerika şirkətlərinin müqavilə şərtlərinə əməl etmək lazım olduğuna dair razılığa gəliblər”, mətndə deyilir.
Bundan əvvəl İraq İraq Kürdüstanında hasil edilən neftin Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə ixracını bərpa etməyə hazır olduğunu bəyan edib.
Kərkük-Ceyhan boru kəməri ilə neft nəqli 2023-cü ilin martında İraqın İraq Kürdüstanı muxtar bölgəsindən neft ixracı ilə bağlı beynəlxalq məhkəmədə Türkiyəyə qarşı 2014-cü ildən davam edən iddianı qazanmasından sonra dayandırılıb. Bağdadın əsas şikayəti Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ-ın İraq hökumətinin rəsmi icazəsi və razılığı olmadan İraq Kürdüstanından dünya bazarına neft çıxarması olub. (Tass)