ABŞ mayın 9-dan mayın 16-dək Moldova hərbçiləri ilə bu respublika ərazisində “Swift Response” təlimləri keçirəcək. Moldova Müdafiə Nazirliyinin məlumatına görə, onlar iki ölkənin əsgərləri arasında qarşılıqlı əlaqəni artırmaq məqsədi daşıyır.
Manevrlərdə Moldovanın motoatıcı briqadasının, Milli Ordunun “Molniya” xüsusi təyinatlı batalyonunun 400-dən çox hərbi qulluqçusu, eləcə də ABŞ-ın 82-ci Hava Desant Diviziyasının hərbçiləri iştirak edəcək. Onlara həmçinin Moldova ordusunun hərbi texnikası və iki C-130 Hercules hərbi-nəqliyyat təyyarəsi cəlb olunacaq. Təlimlər çərçivəsində Balti şəhəri, həmçinin Floresti və Falesti ərazilərində yüngül piyada silahlarından canlı atəş, həmçinin paraşütlə tullanmalar planlaşdırılır.
Müdafiə Nazirliyindən bildirilib ki, bu manevrlər “Defender Europe 24” çoxmillətli təliminin tərkib hissəsidir və Milli Ordunun cari ilin hazırlıq planına uyğun olaraq həyata keçirilir. (Tass)