ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç B-1B Lancer strateji bombardmançı təyyarəsi Norveçin Rusiya ilə sərhədi yaxınlığında yerləşən Orland aviabazasına çatıb. Bu barədə NATO-nun Birgə Hava Komandanlığı avqustun 11-də öz saytında məlumat yayıb.
“Texas ştatının Dyess Hərbi Hava Qüvvələri bazasından bombardmançı təyyarələr qabaqcıl döyüş hazırlığı təlimi üçün NATO müttəfiqlərinə qoşularaq, Bombardmançı İşçi Qrupunun Avropaya yekun yerləşdirməsində iştirak etmək üçün avqustun 9-da Norveçin Orland Hərbi Hava Bazasına gəliblər”, -məlumatda deyilir.
Bildirilir ki, Şimali Atlantika bölgəsinə çatan B-1B-lər İspaniya Hərbi Hava Qüvvələrinə məxsus EF/A-18M Hornets tərəfindən müşayiət olunub. Amerikanın uzaqmənzilli bombardmançı təyyarələri Norveçdə olduqları müddətdə Norveçin F-35 qırıcıları və Alyansın digər təyyarələri ilə birlikdə NATO ölkələrinin rəhbərliyi altında bir sıra missiyaları yerinə yetirəcəklər. Onlar yüksək təhdidli hava əməliyyatları, həmçinin axtarış, fiksasiya, izləmə və hədəfləmə prosesini məşq edəcəklər.