Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun xatirəsinə həsr olunmuş “Vətənə sədaqətin və hərbi səfərin rəmzi olan həyat şəhid kapitan Aqil Məlikovun qəhrəmanlıq yolu” adlı anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları və şəhidin ailə üzvləri əvvəlcə filialda onun adını daşıyan auditoriyanı ziyarət ediblər. Filialın direktoru professor Yusif Alıyev şəhid kapitan Aqil Məlikovun və ümumilikdə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin şərəfli ömür yolundan bəhs edib. O, Aqil Məlikovun hərbi fəaliyyətinə toxunaraq, onun qəhrəmanlıqla dolu qısa, lakin mənalı həyat yolunu diqqətə çatdırıb, 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindən biri kimi düşmənin keçilməz hesab olunan Ohanyan səddinin yarılmasında göstərdiyi igidlikdən və Zəfərə aparan yolda şərəflə şəhadətə yüksəlməsindən söz açıb. Direktor qeyd edib ki, şəhidin Vətən qarşısında göstərdiyi xidmətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə yüksək qiymətləndirilib. O, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Vətən uğrunda” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) və “İgidliyə görə” (ölümündən sonra) medalları ilə və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abbasova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi polkovnik Yasin Aşurov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi, Memarlıq və İnşaat Universitetinin müəllimi Fəxri Aydəmir, “Polymart” MMC-nin təsisçisi və rəhbəri Rəşad Cabirli, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova, Vətən müharibəsi qazisi Rəşad Novruzov, ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi iştirakçısı Ayaz Qasımov, mayor Səid Abbasov, Alpan kənd bələdiyyəsinin sədri Əfil Dadaşov, yazıçı-publisist və sənətşünas Əkrəm Qaflanoğlu, eləcə də şəhidin atası Niyaz Məlikov çıxış edərək Aqil Məlikov haqqında fikirlərini bölüşüblər.
Filialın istedadlı tələbələri Sevda Müslümova və Günəş İskəndərovun ifasında bədii kompozisiya təqdim olunub.
Sonda şəhidin atası Niyaz Məlikov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşəkkürnaməsi ilə təltif edilib.
