Bununla bağlı AZƏRTAC-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Ağdam şəhərinin üç il bundan əvvəl siyasi yolla azad edilməsinin əhəmiyyətinə toxunub.
O bildirib ki, ümumiyyətlə 2020-ci il noyabrın 20-də Ağdam şəhərinin erməni işğalından siyasi yolla – bir güllə belə atılmadan azad edilməsi Prezident İlham Əliyevin diplomatik qələbəsidir. Bu qələbə dövlətimizin hərbi müstəvidə olduğu kimi, siyasi müstəvidə də son dərəcə güclü olduğunu sübut edir. Ali Baş Komandan Ağdamın diplomatik yolla azadlığına nail olmaqla Silahlı Qüvvələrimizin hərbi uğurlarını siyasi müstəvidə də davam etdirdi. Bütün dünya Azərbaycanın hərbi qələbələrinin diplomatik platformada davamına şahid oldu.
Polkovnik qeyd edib ki, dövlət başçısı Ağdamın siyasi yolla azadlığına nail olmaqla, həm də çoxlu sayda hərbçimizin həyatını xilas etdi: “Ağdamın 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatına uyğun olaraq diplomatik yolla azad edilməsinin hərbi baxımdan da mühüm nəticələri oldu. Belə ki, şəhərin döyüşsüz alınması yüzlərlə, minlərlə hərbçimizin həyatını xilas etdi, əlavə itkilərdən qaçmağa imkan verdi. Dövlətimizin başçısı bununla bir daha Azərbaycan hərbçisinə, onun həyatına və təhlükəsizliyinə necə böyük önəm verdiyi ortaya qoydu. Bu fakt bir daha sübut etdi ki, Ali Baş Komandan üçün hər bir əsgərin, hər bir zabitin həyatı əzizdir və Vətən müharibəsi dövrünün hər bir anında dövlət başçısı bu amilə çox böyük həssaslıqla yanaşıb.
Ağdam Şəhəri Günü münasibətilə xalqımızı təbrik edirəm. Əminəm ki, qısa zamanda doğma Ağdamımızın yenidən çiçəklənməsinə şahid olacaq, onun tərəqqisi ilə fəxr edəcəyik”.