Aİ-nin xarici siyasət komissarı Josep Borrell Kiyevdə keçirilən Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib ki, Avropa İttifaqı ABŞ-dan Ukraynanı maliyyələşdirməyə davam etməyi xahiş edəcək. Onun bəyanatını Aİ Şurasının mətbuat xidməti yayıb.
“Biz sizi [Ukrayna] dəstəkləməyə davam etməliyik və biz amerikalı müttəfiqlərimiz və dostlarımızla müzakirə edirik ki, onlar da sizi dəstəkləməyə davam etsinlər. Əminəm ki, bu qərara yenidən baxılacaq və biz hamımız sizin tərəfinizdə olacağıq”, – Borrell deyib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi avropalılar üçün “ekzistensial təhlükə”dir.
ABŞ Konqresi bazar günü hökumətin maliyyələşdirilməsinin 45 gün müddətinə (noyabrın 17-dək) uzadılması layihəsini təsdiqləyib, bu layihəyə Ukraynaya yardım daxil deyil. Bu qərar büdcə problemləri səbəbindən hökumətin iflic vəziyyətinə düşməməsi üçün verilib. (Tass)