Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, ikitərəfli görüş zamanı TDT çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, xüsusilə ailə, qadın və uşaq məsələləri, sosial siyasət və dayanıqlı inkişaf sahələrində birgə layihələrin icrası məsələləri müzakirə olunub.
Bahar Muradova təşkilatla qurulan səmərəli əməkdaşlıq çərçivəsində bir sıra mühüm istiqamətlər üzrə fəaliyyətlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin 2-ci iclasının yekununda qəbul edilmiş birgə Kommunike sənədində əks olunan çoxsaylı vacib istiqamətləri qeyd edərək, bu fəaliyyətlərin daha genişmiqyaslı tədbirlərə zəmin yaratdığını və tərəfdaş ölkələrin dəstəyi ilə əməkdaşlığın yüksək səviyyədə qurulmasının əhəmiyyətini vurğulayıb.
Komitə sədri əldə edilən nəticələrin təşkilatın fəaliyyəti və üzv ölkələrin iradəsi ilə mümkün olduğunu bildirib, əməkdaşlığa verilən töhfəyə görə təşəkkür edib.
Türk dünyasının birliyinin qorunmasının, yalnız siyasi və iqtisadi deyil, həm də ictimai və beynəlxalq aspektdən əhəmiyyətini qeyd edən B.Muradova bu yolun gələcəyə aparan ciddi bir yol olduğunu bildirib. Onun sözlərinə görə, bu, həm də dəyərlərimizə sahib çıxmaq və ortaq kimliyimizi yaşatmaq istəyinin ifadəsidir.
Azərbaycanın ev sahibliyi etdiyi iki günlük iclasın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən K.Ömüralıyev vurğulayıb ki, Azərbaycan sosial siyasət sahəsində, o cümlədən ailə məsələlərində mühüm nailiyyətlər əldə edəcək və bu sahədə təşəbbüsləri ilə digər ölkələrə də nümunə olacaq.
Kommunike sənədinin müəyyən edilmiş istiqamətlər üzrə konkret layihələrin icrasına mühüm töhfə verəcəyini, ölkələr arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini deyən Baş katib növbəti görüşədək bu istiqamətlər üzrə müzakirələrin aparılmasını və qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün mütəmadi qiymətləndirmənin həyata keçirilməsini təklif edib. O, həmçinin bildirib ki, Qazaxıstanda keçiriləcək növbəti görüş də bu çərçivədə əməkdaşlığın daha da genişləndirilməsində vacib rol oynayacaq.