Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunsuz ağac kəsmə cinayəti ilə bağlı qərar qəbul edib.
Bu barədə APA-ya məhkəmədən məlumat verilib.
Bildirilib ki, Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.
Məlumata görə, işin hallarına görə, şəxslər meşə fonduna daxil olmayan Qusar rayonu Quxur-oba kəndində ağacları qanunsuz kəsərək, cəmi 1830 manat təşkil edən təbiətə xeyli miqdarda ziyan vurublar. Birinci instansiya məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 259.1-ci maddəsinə tövsif edilib, CM-in 32.5, 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər.
Apellyasiya instansiya məhkəməsinin qərarına əsasən apellyasiya protesti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
Ali Məhkəmə məhkəmə qərarı ilə hazırkı cinayət işində məhkumların əməlində əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsi əlamətinin, eyni zamanda, bunun davamı olaraq birgə icraçılığın olub-olmaması məsələsinə aydınlıq gətirib.
Qeyd olunub ki, aşağı instansiya məhkəmələri həm qabaqcadan əlbir olan bir qrup şəxsin, həm də birgə icraçılığın mahiyyətini qəbul etdikləri məhkəmə qərarlarında düzgün şərh etməyib, Konstitusiya Məhkəməsinin qərarına düzgün istinad etməyib, nəticədə məhkumların əməlinin tövsifində yanlışlığa yol veriblər: “Belə ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Buna görə də cinayətdə icraçılıq fəaliyyəti həm də Cinayət Qanununun Xüsusi hissəsinin dispozisiyasında göstərilən əməli tam, yaxud da qismən icra edən, habelə cinayətin törədilməsi prosesində icraçıya bilavasitə kömək edən şəxslər də cinayətin icraçıları sayılırlar”.
Bildirilib ki, CM-in 259.1-ci maddəsinin obyektiv cəhəti “qanunsuz ağac kəsmə (götürmə)” olmasına baxmayaraq, burada cinayət əməlinin icraçısı yalnız bilavasitə ağacı kəsən deyil, həmçinin hər bir işin hallarından asılı olaraq kənarda dayanaraq hadisə yerinə gələn şəxslər barədə qrupun digər üzvlərinə məlumat verən, qrupun digər üzvünü (üzvlərini) sığortalayan, əli ilə və ya iplə, başqa alətlə ağacın kəsilməsini asanlaşdıran, ağacın lazım olan istiqamətə aşmasına yardımçı olan, kəsilmiş və ya doğranmış ağacları kəsildiyi yerdən başqa yerə daşıyıb aparan şəxsdə icraçı hesab olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Ali Məhkəmənin Cinayət kollegiyasının qərarına əsasən, kassasiya protesti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunub.