Prezident İlham Əliyev rəqəmsal iqtisadiyyatı ölkənin strateji prioriteti kimi müəyyən edərək, innovasiya və insan kapitalının inkişafını vacib hesab edir. Dövlət başçısının yanaşmasına görə, rəqəmsallaşma təkcə texnoloji yenilik deyil, həm də data əsaslı idarəetmə fəlsəfəsinə keçiddir.
Bu kontekstdə ali təhsil müəssisələri əsas institusional dayaq rolunu oynayır. Universitetlərin rəqəmsal transformasiyası yalnız tədris prosesinin avtomatlaşdırılması deyil, həm də fərdiləşdirilmiş təhsil modellərinin qurulması, süni intellekt və böyük verilənlər əsasında qərarvermə mexanizmlərinin tətbiqi, elmi fəaliyyətin data əsaslı idarə olunması və akademik nəticəyönümlülüyün təmin edilməsidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Zahid Məmmədov deyib.
Rəqəmsal transformasiyanın nəzəri çərçivəsi
Ekspertin sözlərinə görə, rəqəmsal transformasiya ali təhsildə texniki yenilənmədən daha çox, struktur və idarəetmənin köklü şəkildə yenidən qurulmasını ifadə edir. Bu proses böyük verilənlərin analitikası, süni intellekt əsaslı qərarvermə, bulud sistemləri və LMS platformalarının tətbiqi vasitəsilə vahid rəqəmsal ekosistemin yaradılmasını əhatə edir. Nəticədə ənənəvi standartlaşdırılmış təhsil modeli yerini tələbəyönümlü, fərdiləşdirilmiş və data əsaslı çevik idarəetmə fəlsəfəsinə verir ki, bu da tədrisin keyfiyyətinin ölçülə bilən və səmərəli idarə olunmasına şərait yaradır.
“Rəqəmsal transformasiyanın mühüm nəticələrindən biri “visible learning”, yəni, öyrənmə prosesinin tələbə üçün şəffaf, izlənilə və ölçülə bilən formaya salınmasıdır. Bu yanaşma tələbəyə real vaxt rejimində akademik göstəricilərini izləmək imkanı yaradır, risk indikatorlarının avtomatik hesablanmasını təmin edir və akademik məsləhətçi ilə inteqrasiya olunmuş geribildirim mexanizmini formalaşdırır”, – deyə o bildirib.
Professorun fikrincə, sistem tələbəyə fərdi təhsil trayektoriyasını seçmək, seçmə fənləri maraq və bacarıqlarına uyğun planlaşdırmaq və öz inkişaf dinamikasını təhlil etmək imkanı verir. Beləliklə, tələbə passiv bilik alıcısından öz təhsil strategiyasını formalaşdıran və idarə edən aktiv subyektə çevrilir.
Data əsaslı idarəetmə: beynəlxalq və milli təcrübə
Zahid Məmmədov ABŞ-nin Corciya Universitetində tətbiq olunan proqnozlaşdırıcı analitika sistemi semestrin ilk altı həftəsində çətinlik yaşayan tələbələrin erkən mərhələdə müəyyənləşdirilməsinə imkan verdiyini diqqətə çatdırıb.
“Sistem 800-dən çox risk indikatorunu analiz edərək həm problemləri vaxtında müəyyən edir, həm də tələbə nailiyyətlərini stimullaşdıraraq akademik davamlılığı artırır. Florida Dövlət Universitetinin “passion profile” modeli isə süni intellekt və lokasiya texnologiyaları vasitəsilə tələbələrə fərdiləşdirilmiş inkişaf proqramları və real vaxt bildirişləri təklif edərək universitetə bağlılığı gücləndirir. Azərbaycanın ali təhsil müəssisələrində də rəqəmsal transformasiya tədrisin elektronlaşdırılmasından başlayaraq, onlayn imtahan, rəqəmsal jurnallar və inteqrasiya olunmuş məlumat bazaları vasitəsilə vahid analitik idarəetmə sistemlərinin qurulması mərhələsinə keçib”, – deyə Z.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan universitetlərində rəqəmsal transformasiya çərçivəsində akademik göstəricilərin monitorinqi, elmi fəaliyyətin təhlili və tədris yükünün planlaşdırılması kimi proseslər artıq data əsaslı alətlərlə idarə olunur. Elmi sahədə beynəlxalq bazalara çıxış, plagiatın elektron yoxlanılması və tədqiqatların rəqəmsal platformalarda izlənilməsi idarəetmədə operativliyi təmin edən mühüm amillərə çevrilmişdir. Bu dəyişikliklər ali təhsil sistemində texnoloji yenilənmə ilə yanaşı, həm də strateji idarəetməyə əsaslanan nəticəyönümlü universitet modelinin formalaşmasını ifadə edir.
“Rəqəmsal transformasiya Azərbaycan universitet sistemi üçün alternativ deyil, strateji zərurətdir. Prezident İlham Əliyevin rəqəmsal iqtisadiyyatla bağlı müəyyən etdiyi strateji xətt ali təhsil sistemində data əsaslı idarəetmə, süni intellekt tətbiqləri və fərdiləşdirilmiş təhsil modellərinin formalaşdırılmasını tələb edir.
Azərbaycan universitetlərinin rəqəmsal transformasiyası yalnız texnoloji modernləşmə deyil, həm də yeni idarəetmə fəlsəfəsinin qurulması, nəticəyönümlü akademik mədəniyyətin formalaşdırılması və qlobal rəqabət qabiliyyətinin artırılması deməkdir”, – deyə professor qeyd edib.
