Qurban kəsmək ibadətin bir növüdür. Bu ibadətlə biz kasıblara, imkanı olmayanlara, fəqirlərə yardım edirik. Bütün bunlar dinimizin gözəl xüsusiyyətlərindəndir.
Teleqraf xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bayram xütbəsində deyib.
“Fürsətdən istifadə edib şəhidlərimizin əziz xatirəsini yad etmək istəyirəm. Allah onlara rəhmət eləsin. Ali Baş Komandanımızın qətiyyəti və cəsarəti ilə Azərbaycan torpaqları işğalçılardan azad olunub. İşğaldan azad edilən ərazilərdə məscidlərimiz yenidən qurulur və bərpa olunur. Torpaqlarımız öz sahiblərinə qaytarılır – bu, böyük bir nemətdir. Bu gün fəxr edirəm ki, ordumuzun rəşadəti və Ali Baş Komandanın qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad olunub. Azad, suveren ölkənin şeyxi olduğum üçün böyük fəxarət və fərəh hissi keçirirəm. Bizim birliyimiz və vəhdətimiz çox güclüdür”, – o çıxışında vurğulayıb.
Qeyd edək ki, Təzəpir məscidində bayram namazı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.