Azərbaycan Mərkəzi Bankının (AMB) yeni hedc mezanizmindən bütün banklar və bank olmayan kredit təşkilatları (BOKT) istifadə edə biləcək.
“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Bu alətin tətbiqi zamanı əsasən kapitala və yaxud maliyyələşdirilən sahə üzrə kredit portfelinə baxılacaq. Hedc olunan vəsaitin bankın məcmu kapitalının 5 %- və yaxud kredit portfelinin 20 %-i qədər nəzərdə tutulur. Təsirlərə gəldikdə isə bankların bazar şəraitindən aslı olaraq 3-4 % xərci olacaq. Burda hər hansısa yüksək kredit riskləri yoxdur”, – deyə o qeyd edib.
AMB sədrinin sözlərinə görə, hedc sistemi vasitəsi ilə kredit təşkilatlarının cəlb edə biləcəyi vəsaitin məbləği 600 milyon ABŞ dolları ətrafında olacaq.
“Biz bununla bağlı qarşımıza hər hansı hədəf qoymamışıq, sadəcə bu aləti stimul kimi təklif etmişik. Bu sistem bizim üçün yenidir və hələ test edirik. Bankların bu sistemlə bağlı xərcləri təxminən 18 milyon ABŞ dolları ola bilər, bu da bank sektoru və AMB üçün elə də böyük məbləğ deyil”, – deyə T.Kazımov əlavə edib.