Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində altı ayın yekunları təqdim olunub.Bölmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabat iclasında AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev bu ilin birinci yarısında görülən işlərə nəzər salıb.Ümumi olaraq bölmədə aparılan elmi araşdırmaların nəticələrini ötən ilin müvafiq dövrü ilə müqayisə edən İsmayıl Hacıyev göstəricilərin ürəkaçan olduğunu bildirib. Akademik bölmədə tədqiqatla məşğul olan 36 elmi işçinin 171 elmi əsərinin çap olunmasını yüksək qiymətləndirib.Bölmə sədri yeni işə götürülmüş gənc əməkdaşlarda tədqiqat aparmaq bacarıqlarının formalaşdırılması istiqamətində iş aparılmasının vacibliyini dilə gətirib.Daha sonra AMEA-nın Naxçıvan Bölməsi aparatının Elm və təhsil şöbəsinin müdiri Orxan Bağırov bölmənin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı təqdim edib. O bildirib ki, ötən altı ay ərzində Naxçıvan Bölməsində 3 elmi istiqamətdə, 3 problemi əhatə edən 3 mövzu üzrə 17 iş 36 mərhələdə yerinə yetirilib. Aparılan araşdırmalar 6 monoqrafiya, 4 kitab, 1 metodik vəsait, 99 elmi məqalə, 58 konfrans materialı, 3 tezis olmaqla 171 elmi əsərdə əksini tapıb. Əsərlərdən 45-i xaricdə, 96-sı beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çap olunub. Məqalələrdən 12-si impakt faktorlu jurnalda dərc olunub, onlardan 4-ü “Web of Science”, 1-i “Ulakbim” elmmetrik bazalarına daxildir. Hesabat dövründə bölmə əməkdaşlarının əsərlərinə 345 istinad qeyd alınıb, “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin 1 nömrəsi işıq üzü görüb. Elmi əsərlərlə yanaşı, bölmə əməkdaşlarının 125 qəzet məqaləsi dərc olunub. Məruzəçi nəzərə çatdırıb ki, ötən 6 ay ərzində bölmənin 2 əməkdaşı doktorluq dissertasiyasını müdafiə edib, 1 əməkdaşın doktorluq dissertasiyanın seminarı keçirilərək müdafiəyə buraxılıb, 2 nəfərin doktorluq dissertasiyasının müzakirəsi keçirilib. Bölmədə fəaliyyət göstərən Dissertasiya Şurasında “Arxeologiya” ixtisası üzrə 3 elmlər doktoru dissertasiyasının müdafiəsi keçirilib.Akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar “Naxçıvan ədəbi mühiti” fundamental kitabı nəşrə hazırlanıb, “Taleyi və sənəti” seriyası üzrə “Hüseyn Razi: taleyi və sənəti” adlı növbəti kitab və “Görkəmli Azərbaycan şairi M.Füzuli” məqalələr toplusu, “Naxçıvanın dilçi alimləri” kitabı və “Naxçıvan etnoqrafiyası”nın II cildi çapa hazırlanıb.İl ərzində bölmənin Elmi Kitabxanasına 1266 ədəd çap məhsulu daxil olub, elektron kartotekalara 463 ədəd qəzet və jurnal məqalələrinin biblioqrafik təsviri daxil edilib. “Məhəmməd Füzuli – 530”, “Məmməd Araz – 90”, “Molla Nəsirəddin” jurnalı və Naxçıvan” başlıqlı 3 yeni kartoteka yaradılıb, 6 virtual sərgi təşkil olunub, “Naxçıvan Muxtar Respublikası – 100 il” adlı daycest hazırlanıb.Hesabat məruzəsi həmçinin beynəlxalq əməkdaşlıqların vəziyyəti, maddi-texniki bazanın artırılması, elm və təhsilin inteqrasiyası, keçirilən beynəlxalq və respublika səviyyəli tədbirlər, mükafat və təltiflər kimi məsələləri əhatə edib.Məruzədən sonra çıxış edən AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Hacıfəxrəddin Səfərli, Tofiq Əliyev və filologiya elmləri doktoru Fərman Xəlilov hesabatı məqbul hesab edərək qəbul olunmasını təklif ediblər.