F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 245 saylı məktəbin şagirdlərinin iştirakı ilə “21 Fevral – Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Azərbaycan dili varlığımızdır” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər ana dilimizin zəngin tarixindən danışıb, “Beynəlxalq Ana Dili Günü”nün mədəni irsin davamlılığı baxımından nə qədər mühüm bir mövzu olduğu barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, ana dilinin varlığını hiss etmək, ona hörmətlə yanaşmaq, onu qorumaq və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Ana dili yalnız sözlərin və cümlələrin məcmuəsi deyil, xalqın ruhunun, tarixinin, mədəniyyətinin və kimliyinin əbədi izidir.
Tədbirdə şagirdlər Bəxtiyar Vahabzadənin “Ana dili”, Süleyman Rüstəmin “Dilimə dəymə” və Tofiq Bayramın “Ana dilim” şeirlərini səsləndirib, dilə olan məhəbbətlərini və dərin bağlılıqlarını dilə gətiriblər.
Daha sonra şagirdlər kitabxana ilə tanış olub, onlara zəngin kitab fondu haqqında məlumat verilib. Həmçinin uşaqlara kitabxananın nəşr etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə olunub.