Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonrakı şəhər bərpası: Hümanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” adlı tədbirdə deyib.
O bildirib ki, hazırda torpaqlarımızda basdırılmış 1 milyondan çox mina və hərbi sursat irimiqyaslı yenidənqurma və tikinti-bərpa işlərinə ciddi şəkildə mane olur.
Mina çirklənməsinin insan amilinə və sosial həyata birbaşa mənfi təsirlərindən bəhs edən ANAMA sədri post-münaqişə dövründə çox sayda vətəndaşımızın bu bəlanın qurbanı olduğunu vurğulayıb:
“Mina təhlükəsinin insan həyatına təsiri olduqca ağırdır və münaqişədən sonra bir çox insan bu fəsadların qurbanına çevrilib. Bir mühüm amili mütləq qeyd etməliyik: humanitar minatəmizləmə əməliyyatları aparılmadan azad edilmiş ərazilərdə heç bir halda yenidənqurma və şəhərsalma layihələrinin icrası reallaşa bilməz. Çünki təhlükəsizlik bərpa prosesinin təməl şərtidir”.
