“Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlərindən sonra şərti sərhəddə nisbi sakitlik müşahidə olunur. Hazırda Qarabağda gedən bütün proseslər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün zəmin yaradır”.
Bunu AZƏRTAC-a ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib. O qeyd edib ki, bundan sonrakı dövrdə bölgədə delimitasiya və demarkasiya məsələsi gündəmdə olacaq.
“Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyinin qüvvələri Qarabağda sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində ciddi addımlar atırlar. Burada əsas məsələ təhlükəsizliyin təmin olunmasıdır. Qarabağ iqtisadi zonasında yaşayan erməniəsilli vətəndaşlarımızın təhlükəsizliyi tam şəkildə təmin olunub. Bölgədəki humanitar yardım məsələsini Azərbaycan öz üzərinə götürüb. Tibbi təminat, təhsil və digər bütün istiqamətlərdə çox böyük işlər aparılır. Qarabağda yaşayan erməni millətinə aparılan sosial yardımlarda Azərbaycanın Qızıl Aypara Cəmiyyəti çox fəal iştirak edib. Ümumiyyətlə, inteqrasiya prosesində heç bir problem yoxdur. Hətta, miqrasiya xidmətinə müraciət edərək Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin sayı hər gün artır. Cənubi Qafqazda sülhün bərqərar olunması kifayət qədər göz önündədir”, – deyə hərbi ekspert bildirib.
Ş.Ramaldanov qeyd edib ki, Qarabağın dağlıq ərazi olması səbəbindən qarşıdan gələn qış ayları bu zonada ağır keçir. Qış dövrü ərzində bölmələrin döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri, eləcə də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı müdafiə naziri Zakir Həsənov bu günlərdə keçirdiyi müşavirədə qoşun növü komandanlarına müvafiq tapşırıqlar verilib.
Hərbi ekspert Azərbaycan-Ermənistan şərti sərhədində kəşfiyyat və əks-kəşfiyyatın daim gedən proses olduğunu bildirib: “Müdafiə naziri general-polkovnik Zakir Həsənov hava hücumundan müdafiə, kəşfiyyat və əks-kəşfiyyat, radioelektron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verib. Bütün bölgələr Azərbaycan Ordusunun nəzarəti altındadır. Biz istənilən zaman vacib məlumatları əldə edə bilirik. Məhz həmin məlumatlar əsasında yüksək səviyyədə kəşfiyyat xarakterli tədbirlər həyata keçirilir”.