1993-cü ilin yazında ermənilərin Kəlbəcəri işğal etməsi 60 min nəfərdən çox əhalisi olan rayon üçün əsl fəlakət idi. Ağdərə yolu bağlanandan mühasirə vəziyyətinə düşən rayon sakinlərinin respublikanın digər regionlarına gediş-gəlişini təmin edən yeganə nicat qapısı Murov yolu idi. 1988-ci ildə Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi İnqilab Nadirovun yaylaqlara gediş-gəlişi asanlaşdırmaq üçün açdırdığı həmin cığır 1993-cü ilin aprelində yurd-yuvasından didərgin salınan kəlbəcərlilərin yeganə ümid yeri idi.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha”, erməni quldurlarının Kəlbəcər rayonunda törətdiyi müharibə cinayətlərindən bəhs edən “Tanrı yoxuşu” kitablarının müəllifi, araşdırmaçı-jurnalist Elxan Salahov bu barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib.
Lakin həmin yol heç də hamı üçün ümid qapısı, xilas cığırı ola bilmədi. Həmkarımızın dediyinə görə, erməni quldur birləşmələrinin rayona hücum etdiyi həmin günlərdə qaçıb canını qurtarmağa macal tapmamış minlərlə kəlbəcərli işğalçı ordunun mühasirəsində qalmışdı: “Onların arasında uşaqlar da vardı. Azğın düşmən martın 31-də Tunel-Başlıbel yolu üzərindəki yeganə nəqliyyat keçidini ələ keçirdikdən sonra Tutqunçay zonasında 42 yaşayış məntəqəsi mühasirədə qalmış, qadın və uşaqların, qocaların, xəstələrin təxliyəsinə də aman verilməmişdi. Bunun iki ağır nəticəsi aprelin 1-də Tuneldə və 18 gün sonra rayon mərkəzindən 63 kilometr uzaqda yerləşən Başlıbel kəndində yaşandı. Başlıbeldə törədilən qətliamdan sonra sağ qalmış 30 nəfər dağlarda gizlənərək dörd aya yaxın gizli şəraitdə yaşamalı oldular.
Həmin vaxt rayonun iki ən böyük yaşayış məntəqəsində – Başlıbel və Zar kəndlərində 200-ə yaxın mülki şəxs döyüş zonasını tərk etməyə macal tapmadığından dağlara çəkilərək kahalara sığınan insanlar kütləvi qətliama məruz qalıb. İşğal zamanı təkcə Başlıbeldə 76, Zar kəndində 34 nəfər mühasirədə qalıb: “Başlıbeldə 27, Zarda 14 nəfər qətlə yetirilib, 19 nəfər Başlıbeldə, 2 nəfər Zarda girov götürülüb bir nəfər isə itkin düşüb”.
Araşdırmaçı-jurnalist işğal günlərində Tuneldə törədilmiş kütləvi qətliamı erməni vəhşiliyinin bariz nümunələrindən biri olduğunu söyləyib. O, bu amansız qətliamın bəzi təfərrüatlarını açıqlayarkən deyib: “Ermənistan silahlı qüvvələrinin Kəlbəcər-Başlıbel yolu üzərindəki tuneldə mülki əhaliyə qarşı törətdiyi amansız qətliam ən dəhşətli müharibə cinayətlərdən biridir. Ermənilər uzunluğu 200 metr olan tunelin Ağdərəyə tərəf çıxışının 150 metrliyində pusqu quraraq buradan keçən avtomobilləri atəşə tutur, kütləvi qətllər törədirdi. Kəlbəcərin 40-dan çox kəndini rayon mərkəzi ilə birləşdirən tuneldə martın 31-də dinc əhalinin gülləbaran edilməsi “Tunel qətliamı” kimi tarixin qanlı səhifəsinə yazıldı. Aprelin 1-də səhər saatlarında erməni silahlı dəstələri tunelin yaxınlığında 75 nəfəri bir anın içindəcə qəddarcasına gülləbaran etmişdi. Həmin mülki əhalinin 25 nəfəri Kəlbəcərin Günəşli kəndinin, 52 nəfəri Laçın rayon sakini idi. Laçın rayonunun Şamkənd kəndindən olan Yusif Əliyev bütün ailə üzvləri ilə “UAZ” markalı minik maşınında qətlə yetirilmişdi. Bu dəhşətli qətliam “Karo” və “Avo” ləqəbli ermənilərin başçılıq etdiyi quldur dəstəsi tərəfindən həyata keçirilib”.
Elxan Salahov deyib: “Kəlbəcərin işğalı zamanı ümumilikdə 484 nəfər qətlə yetirilib. Onlardan 226 nəfəri mülki sakinlər, 258-i isə hərbçilərdir. İşğal nəticəsində rayonun bütün yaşayış məntəqələri, 13 minədək fərdi ev talan edilib, 87 tarixi abidə, 1 muzey dağıdılıb, 29 sənaye, tikinti, 134 mədəni məişət obyekti erməni quldurları tərəfindən xarabazara çevrilib. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu.
Lakin həmin qətnamənin tələbləri 30 ilə yaxın müddətdə yerinə yetirilmədi və bu vəzifəni qəhrəman Azərbaycan əsgəri 2020-ci ilin payızında Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsində ləyaqətlə yerinə yetirdi. Bu gün Kəlbəcər azaddır, işğal zamanı amansızcasına qətlə yetirilmiş yüzlərlə günahsız kəlbəcərlinin qisası alınıb, öz canını torpaqlarımızın qorunması uğrunda döyüşlərdə qurban verən şəhidlərin ruhu şaddır. Düşmən tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, sönən ocaqlarımız yenidən alovlanır. Bu il təxminən bir aydan sonra dağlar diyarı olan Kəlbəcərə ilk köç karvanı yola salınacaq! O dağlar bizi gözləyir…
El şairi Sücaətin ölməz misraları necə də yerinə düşür:
Ağlaya-ağlaya köçən Kəlbəcər,
Bir gün gülə-gülə qayıdacaqdır…
Şükür, min şükür ki, o gün gəldi və biz həmin günlərin şahidləriyik”.