“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının gəmiləri ilə həyata keçirilən yük və sərnişin daşımaları adi rejimdə davam etdirilir.
Bunu “Report”un sorğusuna cavab olaraq ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib.
“Xəzər Dəniz Neft Donanmasının əməliyyatlarının isə günün ikinci yarısından sonra bərpa olunacağı gözlənilir”,- deyə o qeyd edib.
Bu gün saat 10:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, Naxçıvan MR-da 14, dağlıq rayonlarda 16, yüksək dağlıq ərazilərdə 23 dərəcə olub.
Xatırladaq ki, daha əvvəl Xəzər akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar Dəniz Nəqliyyatı və Xəzər Dəniz Neft Donanmasına məxsus ASCO gəmiləri təhlükəsizlik məqsədilə lövbərlər dayanacaqlarına və təhlükəsiz sığınacaqlara çəkilib.