Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) böyük Qələbənin 3 illiyi münasibətilə 8 Noyabr – şanlı Zəfər tariximiz adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATMU-nun rektoru İlham Mədətov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Azərbaycan Ordusunun şücaətindən və xalqımızın birliyindən söz açıb.
Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova 8 Noyabr tarixini qürur günümüz kimi əbədiləşdirən qəhrəman övladlarımıza minnətdar olduğumuzu qeyd edib.
Tədbirdə diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində iştirak edən ATMU-nun 100-dən çox tələbə və məzunundan 70 nəfərə yaxını ölkə Prezidenti tərəfindən müxtəlif medallarla təltif olunub. Şəhidlik zirvəsinə ucalan ATMU-nun məzunu Məhəmmədəli Həsənzadə isə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Sonda tədbir iştirakçıları ATMU-nun Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Zəfər Günü ərəfəsində təşkil edilən kitab sərgisi ilə tanış olublar.
Tədbirdə universitetin kollektivi ilə bərabər, şəhid ailəsi və müharibə iştirakçıları da iştirak ediblər.