Avropa ölkələri ABŞ administrasiyasının yüksək səviyyəli rəsmilərinin iştirakına baxmayaraq, bu həftəki görüşlərdən sonra ABŞ-ın Ukrayna ilə bağlı ciddi öhdəliklər götürəcəyini gözləmir. Bu barədə Euractiv portalı avropalı diplomatlara istinadən məlumat yayıb.
“Biz narahatıq ki, açıq-aydın, bütün digər məsələlərdə olduğu kimi, amerikalı tərəfdaşlarımızla müzakirə etdiyimiz və razılaşdığımız şeylər yalnız [ABŞ prezidenti Donald] Tramp fikrini dəyişməyincə etibarlıdır”, – nəşrin mənbələrindən biri bildirib. Diplomatlar Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq, ABŞ vitse-prezidenti J.D.Vens və Pentaqonun rəhbəri Pit Heqsetin bu həftə regiona səfər etməsinə baxmayaraq, Avropanın amerikalı həmkarları ilə təmaslardan çox şey gözləmədiyini deyir.
Bundan əlavə, Avropa Amerika tərəfinin bu həftə Ukrayna münaqişəsinin həlli planını müttəfiqləri ilə bölüşəcəyini gözləyirdi. Lakin Kelloq sonradan bu ssenarini təkzib edərək planı Münhen Təhlükəsizlik Konfransında təqdim etməyəcəyini bildirib. Daha sonra “Semafor” portalı aydınlaşdırıb ki, xüsusi nümayəndə yalnız Ağ Evin sahibini nizamlanma variantları ilə tanış etməyə hazırlaşır, həmçinin NATO müttəfiqləri ilə hərəkətləri əlaqələndirmək niyyətindədir. (Tass)