Beynəlxalq aləmdə, həmçinin ölkəmizdə qərəzli və böhtançı imicini qazanmış Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi ikrah doğuran növbəti qətnaməsi ilə tanış olanda gözlərim önündə daim su bulandırmaqla məşğul olan, xəbis niyyətli və bəd əməllərinə görə xalq tərəfindən unudulan radikal müxalifət canlandı. Onlar gündəmə qayıtmaq üçün ağlasığmaz yalan və böhtanlardan istifadə edir, diqqəti özlərinə cəlb etmək üçün hətta hər cür riyakarlığa əl atırlar. Təki gündəmdə olsunlar. Bu gün Avropa Parlamenti də bu çirkin yolun yolçusuna çevrilib. Sanki bu təşkilat Azərbaycana şər-böhtan atmaq üçün yaradılıbmış. Söz yox ki, Avropa Parlamenti özünün maliyyə rıçaqlarını möhkəmləndirmək üçün kimlərinsə, xüsusilə Fransa və erməni lobbisinin əllərində alətə çevrilib. Necə deyərlər, onların çaldıqları hər havaya oynayırlar. Təbii ki, Avropa Parlamenti üçün həmişə bir sifariş olur. O da Azərbaycanın əleyhinə şər, böhtanla dolu, qərəzli qətnamə hazırlamaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov söyləyib.
O, Avropa Parlamentinin ölkəmiz haqqında sonuncu qətnaməsinə münasibət bildirərkən deyib ki, bu təşkilat çoxdandır özünü gülünc vəziyyətinə qoyub. Əslində, Azərbaycan bu təşkilatın üzvü deyil və Avropa Parlamenti ilə heç bir əməkdaşlığı və bu qurum qarşısında hər hansı öhdəliyi yoxdur. Bəs, nədən bu təşkilat tez-tez Azərbaycan haqqında qərəzli qətnamələr qəbul edir? Obyektiv olmasa da, adı beynəlxalq təşkilat olan Avropa Parlamentinin mütəmadi olaraq ölkəmizi “yad” etməsi, əslində, bizim uğurumuzdur. Göründüyü kimi, Azərbaycan artıq Avropanın, eləcə də dünyanın diqqət mərkəzində olan ölkəyə çevrilib. Müstəqillik yolunda inamla irəliləyən ölkəmizin sürətli inkişafı bəzi beynəlxalq təşkilatları, eləcə də Fransa kimi ölkələri ciddi təşvişə salması bizi qürurlandırır. Həm də ona görə qürurlanırıq ki, nə qədər qətnamə qəbul etsələr də, beynəlxalq aləmdə haqqımızda mənfi rəy yaratmağa çalışsalar da, Azərbaycanı tutduğu yoldan və öz mövqeyindən döndərə bilmirlər. Əksinə, ölkəmizin beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir.
Ə.Bədəlov qeyd edib ki, Fransa və onun ətrafında toplanan bir neçə ermənipərəst ölkənin, həmçinin qərəzli beynəlxalq təşkilatların Azərbaycanın tarixi Qələbəsini şübhə altına alaraq, kənar qüvvələrin qoşunlarını bizim ərazimizdə yerləşdirmək və bununla da müstəqilliyimizi təhlükə altına almaq cəhdləri tamamilə iflasa uğrayıb. Ermənistan hələ Azərbaycanla müharibəyə başlayan gündən Fransa işğalçı ölkənin müdafiəsinə qalxmışdı. Çünki özü də işğalçıdır. Ancaq bütün bunların heç bir faydası olmadı. Nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Avropa Parlamentinin qəbul etdiyi qətnamələri tullantı kağız parçası səviyyəsinə endirib. Həm də Fransa kimi siyasi riyakarlıq nümayiş etdirən dövlətlərin iç üzünü açıb və bəzi qərəzli beynəlxalq təşkilatların anti-Azərbaycan siyasətini ifşa edib. Ona görə də Avropa Parlamentinin növbəti qeyri-obyektiv və beynəlxalq hüquq normalarına zidd qətnaməsi bu qurumun iç üzünü bir daha ortaya qoydu. Artıq onların Azərbaycana müdaxilə etmək şansları tamamilə rədd edilib. İndi heç kim Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala bilməz. Əslində, bu kağız parçası daha çox qorxaqlıq qətnaməsidir.
Siyasi şərhçi deyib ki, Avropa dövlətlərinin liderlərinin qətnamə qəbul olunan gün Qranadada Azərbaycanla yüksək səviyyəli əlaqələrini davam etdirəcəklərini açıq şəkildə bəyan etmələri Avropa Parlamentinə tutarlı cavab oldu. Azərbaycana qarşı hansı sanksiyadan söhbət gedə bilər? Axı, Avropanın enerji təminatında əsas ölkələrdən biri məhz Azərbaycandır. Bütün bunlar Avropa Parlamentinin qəbul etdiyi qətnamənin, ilk növbədə Avropa dövlətləri tərəfindən rədd edilməsinin sübutudur. Sadəcə olaraq, belə qətnamələr tarixin arxivinin zibilliyini “zənginləşdirir”.
Ə.Bədəlov bildirib ki, Azərbaycan hər hansı beynəlxalq təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərə həmişə layiqincə əməl edib. Hələ bu vaxta qədər hansısa beynəlxalq təşkilatın Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməməsi barədə irad bildirməsinin şahidi olmamışıq. Ona görə də Avropa Parlamentinin ölkəmizə qarşı hər hansı bir ittiham irəli sürməsi bu qurumun rəhbərinin və üzvlərinin əl oyuncağına çevrilməsinin təsdiqidir. “Belə qətnamələrin müəyyən maraqlara xidmət etməsi özünü açıq şəkildə büruzə verir. Korrupsiyalaşmış və erməni lobbisinin əlində alətə çevrilmiş Avropa Parlamenti rəhbərliyi və üzvlərinin destruktiv və qərəzli, üzdəniraq qətnamələri Cənubi Qafqazda yaranmış yeni reallıqlara mane ola bilməyəcək”, – deyə o əlavə edib.