Azərbaycanın tarix yazan qəhrəman oğulları var. Vətən və millət naminə qanı bahasına vuruşaraq 30 illik həsrəti 44 günlük zəfərə bağlayan oğullar. Məhz belə oğullardan biri də 44-günlük Vətən Müharibəsində şəhadətə ucalan şəhid Emin İsmayılovdur. O, bir vaxtlar bu şəhərin küçələrində gülümsəyərək addımlayır, günəşin şəfəqləri onun gözlərində əks olunurdu. İndi isə adı Şəhidlər xiyabanında bir məzar daşına həkk olunub. Amma o ölmədi – bu torpağın hər qarışında, azadlığın hər nəfəsində, dalğalanan bayrağın kölgəsində yaşayır. Onun keçdiyi yollar indi Vətənin şərəf yoludur, axı o, ən uca zirvəyə – şəhidlik məqamına yüksəldi.
2023-cü ilin may ayı idi. Hər ayın sonunda olduğu kimi o gün də Şəhidlər xiyabanına ziyarətə getmişdim. Bir az qabaqda şəhid məzarında yazılan sözlər mənə çox təsir etdi. Evə qayıtdıqdan sonra bir neçə araşdırma apararaq həmin şəhidin valideyninin telefon nömrəsini tapdım. Bəli, bu, şəhid Emin İsmayılovun anası Məlahət İsmayılova idi. Baş verən hadisəni şəhid anasına da nəql etdim, sonra Məlahət xanım oğlu haqqında ürək dağlayan hadisələri danışdı.
Şəhid anasının səsində o yorğunluğu, həsrəti hiss etməmək mümkün deyildi. Çünki o, yeganə övladını – həyat yoldaşının ona əmanət etdiyi oğlunu qara torpağın qollarına bağışlamışdı. Məlahət xanımın ən çox da gileyləndiyi bəzi insanların şəhid, veteran adlarından istifadə edərək bu milləti, xalqı aldadıb onlardan pul istəməkləridir. Bu hərəkətlər onun yarasını daha da dərinləşdirirdi. Onun sözlərinə görə, Emin çox vətənpərvər biri olub. O, hələ balaca olanda sosial mediada Azərbaycan bayrağını paylaşaraq bununla qürur duyardı. Qəhrəman şəhidimiz 9 nəfərdən çox yaralını xilas edib. Yaralı əsgərlərdən biri şəhid olanda Emin ağlayaraq öz bayrağını onun üstünə qoyub alnından və ayağından öpərək deyib: “Vətən sağ olsun! Ola bilər, mən də şəhid olaram”. Emin ayağından yaralanıb, o yaralı olduğu halda düşmən üzərinə gedəndə döyüş yoldaşları onun ayağının qanamasını görərək geri çəkilməsini istəyiblər. Bu zaman Emin torpağı öpərək deyib: “Ayağımdan tökülən qan kişi qanıdır, ölmək var, amma dönmək yox”.
Şəhidlər ölməz deyirlər, çünki onların adları zamanın yaddaşında əbədi yaşayır. Onun ruhu bu torpağın hər daşında, hər çiçəyində, hər sübh açılan günəşində var. Bəlkə də bir daha geri dönmədi, amma öz canı bahasına qoruduğu vətən indi daha güclü, daha azaddır. Onun qoyub getdiyi izlər silinməzdir. O, Vətənin qəlbində, bizim qürurumuzda və gələcəyimizdə yaşayacaq.
Mayıl Şamxaloğlu