Şuşa uzun illərdən sonra 2020-ci ildə öz azadlığına və memarlıq tarixinə qovuşub. Azərbaycanın və 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtında təşkil olunan simpozium həm də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilində keçirilməsi ilə əlamətdardır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov noybrın 24-də Şuşada Türk dünyası memarlarının simpoziumunun açılış mərasimində deyib.
Şuşanın tarixi və memarlıq abidələri haqqında danışan xüsusi nümayəndə şəhərin Azərbaycan və Türk mədəniyyətləri üçün böyük əhəmiyyətini qeyd edib.
Aydın Kərimov bu simpoziumun Türk dünyası memarları üçün faydalı olacağından əminliyini ifadə edib, tədbirin birgə əməkdaşlıq, yeni ideya, fikir mübadiləsi baxımından önəmini vurğulayıb.
Qeyd edək ki, 60-a yaxın Türk dünyası memarlarının iştirak etdiyi simpozium çərçivəsində “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular ətrafında panel müzakirələri aparılacaq.