Azərbaycanda karbon vergisinin tətbiqi gəlir bərabərsizliyi yaratma ehtimalı var.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, karbon vergisinin sosial təsiri ümumiyyətlə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) Təşkilat Komitəsinin üzvü kimi QHT-lər, o cümlədən Agentlik olaraq bu mövzu bizim maraq dairəmizdədir: “Karbon vergisinin tətbiqi beynəlxalq təcrübədən dolayı Azərbaycanda məşhurlaşması bizim üçün önəmlidir. Ölkəmizin ortamüddətli inkişafının prioritetlərində daha sağlam ətraf mühit və yaşıl artım kimi ciddi prioritetləri qarşıya qoyub”.
O bildirib ki, hər bir hüquqi sənədin nəticə etibarı ilə həm iqtisadi, həm hüquqi, həm də sosial təsirləri olur: “Sosial təsirləri də iki qrupa bölmək olar. Bunu da mənfi və müsbət təsirlər kimi qruplaşdırmaq olar. Təbii ki, verginin və aidiyyəti qanunvericilik aktlarının qəbulu ilk növbədə vətəndaş cəmiyyətinin müxətlif fərdlərində ailə büdcəsinə öz təsirini göstərəcək. Bu təsirin olması nəticə etibarı ilə vətəndaş cəmiyyətinin ayrı-ayrı fərdlərinin sosial həyatına təsirsiz ötüşməyəcək. Çünki, orta statistik ailənin xərclərinə nəqliyyat, enerji xərcləri əsas hissələrdən birini təşkil edir. Təbi ki, bu müxtəlif ailələrin yaşamına öz təsirini göstərəcək”.
A.Əliyeva qeyd edib ki, bundan başqa, gəlir bərabərsizliyi yaratma ehtimalı sosial təsir olaraq aktualdır: “Çünki, yüksək gəlirli sahibkarlıq subyektləri asanlıqla alternativ enerji mənbələrinə keçid edə biləcəyi halda, orta və kiçik sahibkarlıq subyektlərində isə hansı nəticələri doğuracağı da cəmiyyət üçün müzakirə mövzusudur. Dolayısı ilə həmin fəaliyyət sahələrində işləyən insanların sosial həyatına təsirsiz ötüşməyəcək. Müsbət təsirlərinə gəldikdə isə bu təsirlər daha çoxdur. İlk növbədə ətraf mühitin sağlamlaşdırılması, dolaysı ilə uzunmüddətli vədədə insanların sağlamlığına müsbət təsir göstərəcək. Korbon əsaslı müxtəlif iş yerləri itirilsə də, əvəzində alternativ enerji mənbələrində və “yaşıl enerji” ilə bağlı çalışan sahələrdə yeni iş yerləri yaranacaq. Bilavasitə “yaşıl iqtisadiyyat”ın inkişafına təsir göstərəcək. İqlim dəyişmələri ilə mübarizədə bu verginin tətbiqi çox uğurlu alətdir”.