Azərbaycanda qadınların dövlət idarəçiliyi və qanunverici orqanda qərar qəbul etmə səviyyəsində rolu var.
“Report” xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bu gün keçirilən “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusundakı dəyirmi masada deyib.
O qeyd edib ki, qadınların beynəlxalq müstəvidə iştirakını özündə əks etdirən bazanın formalaşması çox vacibdir:
“Bu gün Azərbaycanda belə baza yoxdur. Əgər olarsa, biz bu sahədə uğurlarımızı, boşluqlarımızı görə bilərik. Daha effektiv nəticə əldə edə bilərik. Biz müxtəlif hesabatlar hazırlayırıq. Beynəlxalq təmsilçilikdə qadınların rolunu araşdırmaq istiqamətdə məlumatları da almaq istədik. Amma bu mümkün olmadı.
Lakin Azərbaycanın dövlət nüfuzunun artırılması üzrə 2024-2026-cı illər üçün konsepsiyası üzərimizə daha çox məsuliyyət qoyur və koordinasiyalı iş tələb edir. Biz belə bir xəritəni hazırlamalıyıq. Burada təkcə Azərbaycan vətəndaşı olanları deyil, dünyadakı azərbaycanlı qadınların beynəlxalq səviyyədə uğurları da öz əksini tapmalıdır”.