İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Rusiyanın Standartlar üzrə Federal İnformasiya Fondunda (“Rosstandart”) saxlanılan 39 123 sənədə çıxış əldə etməklə bağlı qarşı tərəflə razılıq əldə edib.
“Report” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu məsələ “Rosstandart”ın Baş icraçı direktoru Anton Şalayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə yeni standartların ölkəmizdə bilavasitə tətbiqi məqsədilə razılaşdırılıb.
***
Dövlət Xidmətinin bununla bağlı məlumatda isə deyilir ki, görüşdə M.Abbasbəyli iki ölkə arasında standartlaşdırma və metrologiya üzrə tərəfdaşlıq layihələrindən söz açıb. Keyfiyyət infrastrukturunun tənzimlənməsində standartlar üzrə informasiya mübadiləsinin önəmi qeyd olunub, metroloji təminat, aktual ölçmə sahələrində milli etalonların yaradılması, yeni standart nümunələrinin işlənib hazırlanmasının vacibliyi vurğulanıb.
A.Şalayev bildirib ki, müvafiq sahədə birgə layihələrin həyata keçirilməsi qurumlar arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək.
Görüşdə həmçinin müvafiq sahələrdə rəqəmsal texnologiyalara keçidin, iş proseslərinin rəqəmsallaşdırılmasının və avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılmasının, o cümlədən ölkələr arasında təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.
Səfər çərçivəsində “Rosstandart”ın nümayəndə heyəti Azərbaycanın Standartlaşdırma və Metrologiya İnstitutlarını ziyarət edərək laboratoriya imkanları ilə tanış olublar.