Avropa Şurasının 74 illik tarixi fəaliyyətinin əsas istiqamətlərindən biri Avropa qitəsində hərbi əməliyyatların qarşısını almaq, demokratik təhlükəsizliyə töhfə verməkdir. Bu funksiya riskli təhlükəli mühitdə daha vacibdir. Pessimist səslənsə də qeyd etməliyik ki, Avropada, eləcə də dünyada baş verənlərin fonunda Avropa Şurasının fəxr edəcəyi və öyünəcəyi bir fəaliyyəti yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA payız sessiyasında “Münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutların etimadının bərpasında və dünyada sülhün təşviqində Avropa Şurasının rolu” adlı məruzə ilə bağlı avropalı parlamentarilərə yazılı paylanmış çıxışının mətnində qeyd edib. Bildirib ki, üzv dövlətlər daxilində münaqişələrin həll olunmaması Avropa Şurasının (AŞ) böyük transformasiyaya ehtiyacı olduğunu, öz səlahiyyətlərindən və təsir rıçaqlarından istifadə edə bilmədiyini göstərir. Qətnamələr qəbul olunur, ancaq kağız üzərində qalır, tətbiq edilmir. Avropa Şurası insan hüquqlarına sadiqliyi ilə tanınır. O, insan hüquqlarının müdafiəsi üçün hüquqi standartları müəyyən edən Avropa İnsan Hüquqları Konvensiyasına nəzarət edir. Bu, fərdlərin hüquqlarına hörmət edilməsini təmin edir, insan hüquqlarının pozulmasına əsaslanan münaqişələrin potensialını azaldır.
“Azərbaycanın nümayəndə heyətinin üzvü kimi 2005-ci ilin yanvarında “ATƏT-in Minsk konfransının müzakirə etdiyi Dağlıq Qarabağ regionu ilə bağlı münaqişə” adlı 1416 saylı qətnaməni xatırlatmaq istəyirəm. Bu qətnamədə AŞPA Azərbaycan ərazisinin xeyli hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, separatçı qüvvələrin hələ də Qarabağda qalması və azərbaycanlılara qarşı geniş etnik təmizləmələr törətməsi ilə bağlı narahatlığını vurğulayır. AŞPA-nın bu Qətnaməsi Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə qəbul edilmiş sənəddir.
Avropa Şurasının bu qətnamənin icrası ilə bağlı Ermənistana etdiyi hər hansı çağırışını eşitdikmi? Avropa Şurası nə vaxtsa Qarabağ müharibəsi zamanı öz yurd-yuvalarından zorla qovulmuş, didərgin düşmüş və doğma yurduna qayıtmaq hüququ, mülkiyyət hüququ və şəxsi təhlükəsizlik hüququ da daxil olmaqla hüquqlarından məhrum olmuş bir milyona yaxın məcburi köçkünün hüquqlarını müdafiə etdimi? Təəssüf ki, cavab “xeyr”dir”, – deyən azərbaycanlı deputat qurumun fəaliyyətinin sadəcə kağız üzərində qaldığını vurğulayıb.
S. Fətəliyeva diqqətə çatdırıb ki, uzun sürən işğaldan azad edilən Azərbaycan ərazilərində Ermənistanın yerləşdirdiyi minalar bu gün də azərbaycanlıların ölümünə səbəb olur. Qırx dörd günlük müharibədən sonra 300-dən çox mülki insan erməni minalarının qurbanı olub. Ancaq Ermənistanı mina xəritələrini verməyə məcbur etmək üçün Avropa Şurasının çağırışını eşitməmişik.
Azərbaycanlı deputat bildirib ki, Avropa Şurası münaqişənin həlli və barışıq səylərinə kömək etməlidir. O, üzv dövlətlər arasında dialoq və əməkdaşlıq platformasını təmin etməli, mübahisələrin dinc vasitələrlə qarşısının alınmasına və həllinə kömək etməlidir. Vurğulayıb ki, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində erməni sakinlərinin reinteqrasiyası üçün tədbirlər görür və ölkəmiz həmişə olduğu kimi, Ermənistanla suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında regionda sülhün qurulmasında ən maraqlı tərəf olaraq qalır. Bu prosesi dəstəkləmək əvəzinə Azərbaycana qarşı əsassız ittihamlar, təhdidlər eşidirik.
Ermənistanın onilliklər boyu AŞ-nin dəyərlərini kobud şəkildə pozaraq, davam edən laqeydliyi fonunda təşkilatın birtərəfli və təhrif olunmuş münasibətlərə əsaslanan belə bir mövqeyi ciddi qəbul edilə bilməz. Bu mövqenin səbəbi dezinformasiya ilə dolu nifrət çıxışlarının təşviq edilməsi, üzvlərin birtərəfli baxışı və hesabatların tez-tez etibarsız mənbələr əsasında hazırlanmasıdır.
“Unutmayın ki, sülhü təbliğ etmək, münaqişələrin qarşısını almaq üçün bu təşkilatdayıq. Belə mövqe ilə hansı etimad və etibardan danışmaq olar? Avropa Şurasını siyasi nüfuza sahib və Avropadakı vəziyyəti yaxşılığa doğru dəyişdirmək qabiliyyətinə malik güclü bir təşkilat kimi görmək istəyirik”, – deyən azərbaycanlı deputat təşkilatın ədalətsiz mövqeyinə etirazını bildirib.